“Xalqın sevgisini qazanan Birinci vitse-prezident Mehriban Əliyeva” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir
25 dekabr 2024-cü il tarixdə, rayonun Heydər Əliyev Mərkəzində “Xalqın sevgisini qazanan Birinci vitse-prezident Mehriban Əliyeva” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi, YAP fəalları, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan işçilər, gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova vurğulamışdır ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ailəsindəki ən önəmli həyat prinsipi xalqa, millətə xidmət və sədaqət olub. Bu baxımdan Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən siyasət Ulu Öndərin ideyalarının reallaşması, onun müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi ilə səciyyəvidir. Bu işdə ölkə Prezidentinin ömür-gün yoldaşı, Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri göz önündədir. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib. Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır. Bu gün Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətləri, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın bu çərçivədə gördüyü işlər Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir.
Xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq 20 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran Ulu Öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Heydər Əliyev Fondu məqsədyönlü fəaliyyəti ilə hər zaman bu amala sadiqliyini nümayiş etdirir. Ənənəvi fəaliyyətlə yanaşı bu gün Heydər Əliyev Fondu işğaldan azad olunan torpaqlarımızda erməni vandalları tərəfindən darmadağın edilmiş mədəni-dini abidələrimizin bərpası prosesini davam etdirir.
Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb, ümumbəşəri mahiyyəti ilə diqqəti cəlb edir. Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.
Konfransda çıxış edən YAP rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon Təhsil sektorunun müdiri Babək Heydərov, Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova və rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Ümumi şöbəsinin müdiri Ülviyyə Süleymanova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü xeyirxah işlərdən söz açmışlar.
Sonda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videolent nümayiş etdirilmişdir.