Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

02 noyabr 2022 | 09:18

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə 1 noyabr 2022-ci il tarixdə partiyanın Qax rayon təşkilatının konfransı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarını ziyarət etmiş, əziz xatirələrinə ehtiramlarını bildirmişlər.

Daha sonra tədbir rayonun Heydər Əliyev Mərkəzində davam etmişdir.

Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

Rayon və hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələrinin,  ziyalıların, şəhid ailələri və qazilərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan  YAP  rayon təşkilatının sədri Natiq Allahverdiyev “Yeni Azərbaycan Partiyası- dövlətə və xalqa xidmət missiyası” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ötən 30 il ərzində zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynamışdır. Vurğulamışdır ki, Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

 Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan danışmış, partiyanın ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfəsini verdiyini söyləmişdir.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxışındaYAP-ın Azərbaycan dövlətçiliyinin, onun bu gününün və sabahının qarantı olduğunu bildirmişdir.  

YAP Təftiş Komisiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının bu gün yeni-yeni nailiyyətlərə imza atdığını bildirərək, YAP-ın sadəcə ötən 30 ildə ölkəmizin uğurlu inkişafının aparıcı qüvvəsi deyil, həm də gələcək zəfərlərin zamini olduğunu vurğulamışdır.

Tədbirdə 1 saylı tam orta məktəbin direktoru Mədinə Heydərova, şəhid atası Çingiz Qarayev, Vətən müharibəsi iştirakçısı və Ləkit kənd ərazi partiya təşkilatının sədri Qamət Hacıyev çıxış etmişlər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilmişdir. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, bir qrup müharibə iştirakçısına isə “Vətən müharibəsi iştirakçısı” medalları təqdim edilmişdir.

 

Keçidlər