Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Zəfər Günü silsilə tədbirlərlə qeyd edilib

08 noyabr 2022 | 23:17

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən iki il ötür. 8 Noyabr – Zəfər Günü respublikanın hər yerində olduğu kimi, rayonumuzda da bayram əhvali-ruhiyyəsi ilə qeyd edilmişdir.

Vətən müharibəsinin ikinci ildönümünün keçirilməsi ilə əlaqədar rayon üzrə tədbirlər planına uyğun olaraq, rayonda silsilə tədbirlər, idman yarışları, sərgilər keçirilmiş, rayonun rəhbər işçiləri tərəfindən şəhid ailələri və müharibə qaziləri ziyarət olunmuşdur.

Əlamətdar tarixi gün münasibətilə noyabrın 8-də rayon rəhbərliyi xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Sonra rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyətin nümayəndələri  Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid Vətən oğullarının məzarlarını ziyarət etmiş, üzərinə gül-çiçək düzmüş, şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmişlər.

Zəfər Günü münasibətilə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Milli Məclisin deputatı Azər Kərimli Qax rayonundan olan bütün şəhid ailələrini, həmçinin müharibə qazilərini ziyarət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışlar. Görüşlərdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhidlərin, qazilərin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlıqlarından söz açılmış, ərazi bütövlüyümüz uğrunda şəhadətə ucalan igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağı vurğulanmışdır.

Bayram tədbirləri axşam saatlarında “Şəhər parkı”nda respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etmişdir. Bayram konsertindən sonra keçirilən atəşfəşanlıq rayon sakinləri tərəfindən xüsusi coşqu ilə qarşılanmışdır.

 

Keçidlər