Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzda baramaçılıq və tütünçülüyün inkişafı üçün potensial imkanlar var

19 may 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq  rayonlarda  kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin qayğılarının, təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupu növbəti müşavirəni mayın 18-də rayonumuzda keçirmişdir.
İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov və qrupun üzvləri, rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev əvvəlcə yerlərdə fermerlərlə görüşmüş, təsərrüfat işlərinin gedişi ilə maraqlanmışlar. Görüş fermerlərin, aqrar sahədə çalışan sahibkarların, təsərrüfat rəhbərlərinin, mütəxəssislərin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayon İcra Hakimiyyətinin iclas zalında davam etmişdir.
Müşavirəni rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq rayonda kənd təsərrüfatı işlərinin gedişi, rayon üçün ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Dövlət başçısının pambıqçılıqla yanaşı, tütünçülük və baramaçılığın inkişafı ilə də bağlı konkret vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdıran RİH başçısı bildirmişdir ki, dövlət tərəfindən bu gəlirli sahələrin inkişafı üçün bütün imkanlar səfərbər edilmişdir. Buna nail olmaqla kənd yerlərində fermerlərin, məhsul istehsalçılarının həyat səviyyəsini, maddi rifah halını daha da yüksəltmək mümkündür. Qaxda tütünçülük və baramaçılığın inkişafı üçün geniş perspektivlər vardır. Odur ki, bu sahələrdə problemlərin və çətinliklərin aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Müşavirədə çıxış edən Azər Əmiraslanov Prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına əsasən yaradılan işçi qrupu tərəfindən artıq 16 rayonda belə görüşlərin keçirildiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, bu görüşlər rayonların aqrar sahədə potensialını və imkanlarını öyrənmək, eyni zamanda, mövcud problemlərlə bağlı fermerlərlə açıq fikir mübadiləsi aparmaq məqsədi ilə keçirilir.
Rayonumuzda kənd təsərrüfatının ənənəvi sahələri ilə bağlı ixtisaslaşmanı təqdirəlayiq hal hesab edən qonaqlar bildirmişlər ki, təsərrüfat rəhbərlərinin, iş adamlarının, fermerlərin diqqəti kənd təsərrüfatının, xüsusən də bitkiçiliyin ən mühüm və vacib istiqamətlərinə yönəlmişdir. Onlar yerli əhalinin bu sahədə böyük təcrübəsinin olduğunu vurğulamışlar.
Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, onların təklifləri dinlənilmişdir. Müşavirədə səslənən bütün təklif və müraciətlər baxılmaq üçün nəzarətə götürülmüşdür.

Keçidlər