Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfər edib

08 iyun 2020 | 16:00

 Dövlət başçısı cənab İlham Əliyev Tərtər rayonuna səfər edib. 03.06.2020-ci il tarixdə baş tutan səfərdə ölkə başçısı Dövlət Rəmzləri Muzeyinin, 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyasının, Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının, həmçinin Tərtər Olimpiya İdman Kompleksinin açılışlarında iştirak etmiş, rayonda görülən işlərlə tanış olmuşdur.  Görülən işlər dövlətimizin iqtisadi uğurlarından xəbər verir. Ölkədə qarşıdakı illərdə də qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur təminatının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi bölgələrimizin daha sürətli tərəqqisinə gətirib çıxaracaqdır.
Cənab Prezident yeni istifadəyə verilən idman kompleksiylə tanışlıqdan sonra bir qrup idmançı ilə görüşüb. Görüş zamanı Qondarma Dağlıq Qarabağ Respublikasında mart və aprel aylarında keçirilən prezident və parlament seçkilərinin vacib məqamlarına toxunmuşdur. Ölkə başçısı Dağlıq Qarabağda xunta rejiminin hökm sürdüyünü, bu rejim tərəfindən keçirilmiş saxta seçkilərin bir şou xarakteri daşıdığını və dövlətlərin bu “seçkini” tanımadığını qeyd etmişdir. Prezident İlham Əliyev yalnız Avropa Şurasının bu məsələyə ikili standartlarla yanaşdığını, Şuranın anti-Azərbaycan mövqeyi tutduğunu və təşkilat tərəfindən ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyanın olduğunu bildirərək, AŞPA-dan başqa dünyanın aparıcı və mötəbər beynəlxalq təşkilatları və bir çox ölkələrin dövlətimizin mövqeyini dəstəklədiyini, siyasi və hüquqi baxımdan Azərbaycanın mövqeyinin mükəmməl, Ermənistanın isə  qüsurlu mövqedə olduğunu bir daha vurğulamışdır.
Onu qeyd etmək yerinə düşər ki, dünyanın nüfuzlu KİV-ləri bu qanunsuz “seçkilər”i Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu, “məqsədli təxribat”, “Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım” və “beynəlxalq hüquq normalarına təhdid” olaraq dəyərləndirdilər. Saxta “seçkilər”in təşkil olunması bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə  həllinə yönəldilən cəhdlərə zərbədir. Ölkə başçısı İlham Əliyev Azərbaycanın Avropa Şurasına üzv olduğu gündən təşkilat qarşısındakı öhdəliklərə sadiq qaldığını bildirir, AŞPA-nın  isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəzifəsini yerinə yetirmədiyini qeyd etmişdir.
Ölkə başçısı onu da vurğulamışdır ki, Azərbaycan AŞPA - nın üzvü olduğu gündən bu qurumdan ədalət, obyektivlik gözləyib, amma təəssüflər olsun ki, AŞPA gözləntilərimizin əksi olaraq hər zaman qərəzli mövqe nümayiş etdirir, ermənipərəst qüvvələrin əlində alət rolunu oynayaraq daim ölkəmizə təzyiq göstərməyə cəhd edir. Ölkəmiz bu qurum tərəfindən qarayaxma və ləkələmə kampaniyasına məruz qalıb. İndiyə kimi Qarabağ problemi, işğal olunmuş ərazilərlə bağlı bir dəfə də olsun ədalətli mövqe nümayiş etdirilməyib. Cənab Prezident xarici siyasətinin əsas prioritetinin mədəniyyətlərarası və dinlərarası dialoq olan Azərbaycana təzyiq göstərərək, əksinə faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistana adekvat reaksiya verməyən  AŞPA-nın siyasətinin ikili standartlara əsaslandığını bildirmişdir.
Cənab Prezident həmçinin nitqində Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasətini  davam etdirdiyini, AŞPA-nın isə hətta özünün qəbul etdiyi qətnamənin icrasını belə Ermənistandan tələb etmədiyini bildirərək, bu təşkilatın məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışdığını qeyd etdi.  Ölkəmizə qarşı antipatiyanın hökm sürdüyü AŞPA-nın fəaliyyətində demokratik dəyərlər pozulmuşdur. 1 milyondan artıq məcburi köçkünə çevrilmiş soydaşımızın taleyinə qarşı biganəlik, ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qəbul edilmiş qətnamənin icrasına əməl olunmaması, öz dədə-baba yurdlarını ziyarət edərkən əsir düşən Şahbaz Quliyev və Dilqəm Əsgərovun pozulmuş hüquqlarının bərpa edilməməsi buna bariz nümunədir.
Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası, sözün həqiqi mənasında, Ermənistanda tüğyan edir.  Bir sözlə, öz xalqının sağlamlığını qorumaq əvəzinə Dağlıq Qarabağda qondarma “seçkilər” şousu düzəltmək təcavüzkar tərəfin siyasi riyakarlığından başqa bir şey deyildir. Belə bir məqamda AŞPA-nın bu seçkilərə laqeyd münasibəti  Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli mövqeyini sübut edir.
Cənab Prezident AŞPA-nın müzakirə və səsvermələrində  üzvlərinin əksərinin iştirak etməməsinin də artıq bu təşkilatın nüfuzdan düşdüyünün göstəricisi olduğunu vurğulamışdır.
2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsini xatırladan Prezident İlham Əliyev AŞPA-da ölkəmizə qarayaxma kampaniyasında  erməni lobbisinin böyük rolunun olduğunu qeyd etmişdir: “Qərbdə islamafobiya hökm sürür, bəzi dövlətlər AŞPA-nı “xristian klubu” kimi görmək istəyir, müsəlman ölkələrinə qarşı qarayaxma kompaniyaları təşkil edirlər. Mifik “Azərbaycan laundromatı” da elə bu qarayaxma kampaniyasının növbəti hissəsidir”. Terror ölkəsi kimi tanınan Ermənistanda keçirilən saxta seçkilərə biganə qalıb, amma Azərbaycanda şəffaf keçirilən parlament seçkiləri ilə bağlı 30 yanvar 2020-ci il tarixdə qərəzli qəbul edilmiş qətnamə də bu qurumun anti-Azərbaycan mövqeyindən xəbər verir.
Cənab Prezident İlham Əliyev bir daha AŞPA tərəfindən ölkəmizə qarşı qəbul edilmiş qərəzli qətnamələrin heç birini icra etməyəcəyini,  qəbul edilmiş son qətnamənin dəyərinin bir kağız parçasından artıq olmadığını,  bu təşkilatın Azərbaycanla bütün körpüləri yandırmaq siyasətinin davam etdirməyin bu qurumun öz seçimi olduğunu bildirmişdir.
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iqtisadi-siyasi uğurlar qazandığını, pandemiya dövründə qəbul etdiyi doğru qərarlar, istər vətəndaşlarına, istərsə də digər dövlətlərə göstərdiyi humanitar yardımlar xüsusi əhəmiyyət daşıdığını bir daha nəzərə çatdırdı.
Hər gün Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, bir sözlə, insan haqlarının pozulmasına, milli, dini və irqi ayrı-seçkilik faktlarına Avropanın digər təşkilatları kimi, AŞPA tərəfindən də tam biganə münasibət bəslənilir. Belə görünür ki, onlar bu sadalananları demokratiya nümunəsi hesab edirlər. Son günlərdə özünü demokratiyanın beşiyi adlandıran ABŞ-da irqçilik zəminində növbəti polis zorakılığı nəticəsində insan ölümü baş vermişdir. Nədənsə, böyük təşkilatlar, inkişaf etmiş ölkələr ciddi reaksiya verməkdə aciz qalıblar. Ölkəmizi istəməyən anti-milli qüvvələrin maraqlarına uyğun olaraq guya siyasi məhbusların olduğu əsas gətirilərək  Azərbaycana qarşı təzyiqlər göstərilir. Buna baxmayaraq  ölkədə  vətəndaşlara,  onların sağlamlığına, söz azadlığına yüksək şərait yaradılır. Son illərdə ölkə başçısının tapşırığı ilə  jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması  məqsədilə onlara  mənzillər verilmişdir. Cənab Prezidentin bu istiqamətdə gördüyü işlər bir daha ölkəmizin daim vətəndaşlarının maraqlarına xidmət etdiyini, heç vaxt təzyiq və təhdid dilini qəbul etmədiyini, bundan sonra da öz prinsipial mövqeyində qalacağını göstərir.
Bu gün demokratiya adı altında  dövlətlərdə  anti-milli  qüvvələri ələ alaraq həmin dövlətlərin siyasi hakimiyyətinə qarşı itaətsizliyə çağırır, onları silahlandırırlar. Nəticədə milyonlarla insan həlak olur, öz yurd yuvalarından didərgin düşür, şəhərlər, kəndlər dağıdılır, infrastruktur məhv olur. Qədim tarixi olan ölkələr parçalanır. Azərbaycanın sərvətlərində maraqları olan ayrı–ayrı qüvvələr istədiklərini ala bilmədikləri zaman dərhal şər böhtan maşınını işə salırlar. Lakin nə qədər ki ölkəmizdə xalq-dövlət birliyi var,  xalq  liderinə inanır ölkəmizi öz inkişaf yolundan döndərmək mümkün olmayacaqdır. Azərbaycan bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi ilə bütün bəlalardan qorunaraq əmin-amanlıq şəraitində inamlı inkişaf yolu ilə gedəcəkdir. Müdrik, düşünülmüş və uzaqgörən siyasəti ilə yeni-yeni uğurlara imza atmaqla, ölkəmizi daha xoşbəxt və sağlam gələcəyə qovuşduracaqdır.
Avropa Şurasının qərəzli mövqeyinə baxmayaraq Azərbaycan beynəlxalq aləmdə ciddi dəstəyi olan müstəqil bir dövlətdir. Azərbaycanın sədrliyi ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə Görüşləri keçirilmişdir. Dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Eyni zamanda uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan dəfələrlə Rusiya və Nato arasında dialoqun aparılmasında vasitəçi olmuşdur. Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində Azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz.
Azərbaycan ildən-ilə möhkəmlənən, beynəlxalq nüfuzu durmadan yüksələn qüdrətli ölkədir. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir. Məhz onun rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, ölkəmizin gələcək inkişafının qarantı sayıla bilən müstəqil Azərbaycan dövlətinin tərəqqi etmiş modelidir. Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir və bir daha aydın olur ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur və xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.


Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Qax 
rayon Şöbəsinin rəhbəri

Sabir Nemətov

Keçidlər