Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İyunun 9-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub

11 iyun 2020 | 16:00

İyunun 9-da Bilgəh və Saray qəsəbələrində, həmçinin Sumqayıt şəhərində COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm önəm daşıyacaq üç modul tipli xəstəxana istifadəyə verilib. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün bu xəstəxanalarda hər cür şərait yaradılıb, tibb müəssisələri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.
Ölkəmizdə bu mühüm layihələrin reallaşdırılması koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması, vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etmək məqsədi daşıyır. Qeyd edək ki, ilk belə xəstəxana cari il mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulub. Bütün bunlar pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan Prezidentinin birbaşa həyata keçirdiyi qətiyyətli siyasətin məntiqi nəticəsi, həmçinin Azərbaycanın koronavirusla ən uğurlu mübarizə aparan ölkələr sırasında xüsusi yer almasının təsdiqidir.
          Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  9 iyunda modul tipli xəstəxanaların açılışında dövlət başçısı  ölkə vətəndaşlarının dövlətin pandemiyaya qarşı apardığı siyasəti dəstəklədiyini, dövlət tərəfindən qoyulan məhdudiyyətlərin əsas səbəbinin Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması olduğunu qeyd etmişdir.
Dövlət başçısı cənab İlham Əliyev pandemiyaya qarşı mübarizənin ilk vaxtlarında Azərbaycanın qarşısında iki seçimin – ya iqtisadiyyatı, ya da insanların sağlamlığını xilas etmək vəzifəsinin dururduğunu, lakin birmənalı qaydada tərəddüdsüz insanların həyatının qorunmasının önə çəkildiyini vurğulayıb. Aydın görünür ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə inkişaf yolu qət etmir, dövlət başçısı fövqəladə hallar, təbii fəlakətlər zamanı zərər çəkən vətəndaşların sosial rifahının qayğısına qalır. Bütün dünyanın koronavirusla mübarizə apardığı bir dövrdə də ölkə rəhbəri insan amilinin əsas olduğunu diqqətə çatdırır, açıq şəkildə bildirir ki, dövlətin yürütdüyü siyasətdə əsas amil vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahıdır. 
         Dünyanı bürüyən  COVID-19-un yaşandığı əksər dövlətlərdə  hazırda fərqli şərait hökm sürür. Azərbaycan isə dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alırlar. Xəstəxanalarda tibbi ləvazimatların və avadanlıqların təchizatı yüksək səviyyədə reallaşdırılıb. Vətəndaşlarımız müxtəlif ölkələrdən təşkil olunan çarter reysləri vasitəsilə təxliyyə edilərək, dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdiriliblər. Amma yuxarıda xatırlatdığımız kimi, əksər xarici ölkələrdə koronavirusla mübarizədə ciddi narahatlıq yaşanır. Dövlətimizin başçısı çıxışında bu barədə deyib: “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır. Onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.
             Ölkə başçısının pandemiyaya qarşı apardığı mübarizədə qabaqlayıcı tədbirlər mühüm rol oynamışdır. Bu məqsədlə dövlətin ayırdığı böyük vəsait hesabına koronavirus xəstələrini müalicə etmək üçün  tibbi avadanlıqlar, dərman preparatları alınmışdır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Pandemiyanın ilk vaxtlarından yüksək tələblərə cavab verən “Yeni klinika” xəstəxanası, daha sonra isə 20-yə qədər digər xəstəxanalar istifadəyə verilmişdir. Cənab Prezident onu da qeyd etmişdir ki, daha 6 xəstəxana da istifadəyə veriləcək, bununla da modul tipli tibb müəssisələrinin sayı 10-a çatacaq və nəticədə koronavirusla bağlı mübarizədə mövcud imkanlar daha da genişlənəcəkdir. Cənab Prezident qeyd edib ki: “Sevindirici hal ondan ibarətdir ki, tikiləcək  10 yeni xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcəkdir. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm”.
Pandemiya dövründə xaricdə qalan və Azərbaycana gəlmək istəyən soydaşlarımızla bağlı olaraq portalın yaradıldığını da qeyd edən ölkə başçısı hər bir azərbaycanlının daima dövlətin diqqət və qayğısı ilə əhatə olunacağını vurğulamışdır. Bütün bunların nəticəsidir ki, xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, dövlətimizin başçısına göndərilən təşəkkür məktublarında da bu siyasətin alternativsizliyi xüsusilə qeyd olunur, əldə olunan uğurlar yüksək dəyərləndirilir.
Bütün dünyanın sınaq qarşısında qaldığı bu çətin dövrdə ön xətdə dayanmış həkimlərin gərgin əməyini yüksək dəyərləndirən  cənab Prezident həkimlərin peşəkarlığı və fədakarlığı hesabına dünya ölkələrinə nisbətən ölkəmizdə ölüm sayının aşağı olduğunu qeyd etmiş,  həyatlarını risk altına atan həkimlərə öz minnətdarlığını bildirmişdir.
  Vətəndaşların sağlamlığının qorunması istiqamətində qısa müddət ərzində  ölkədə tibbi maska müəssisələrinin fəaliyyətə başladığını, dezinfeksiya vasitələrinin, həkimlər üçün xüsusi geyim, kombinezonların istehsal olunduğunu bildirən ölkə başçısı vətəndaşlara virusdan qorunmaq üçün müvafiq tövsiyələrini də çatdırmış, tibbi maskalardan daha çox istifadə edilməsinin zəruriliyini, bütün qapalı yerlərdə – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində bu qoruyucu vasitəyə üstünlük verilməsinin önəmini vurğulamışdır.
Koronavirusa qarşı səmərəli mübarizədə digər ölkələrin təcrübəsinin də göstərdiyi kimi, dövlətin müvafiq qurumlarının səmərəli tədbirləri ilə yanaşı, müvafiq tövsiyələrə əhalinin də intizamla əməl etməsi sayəsində lazımi nəticə əldə etmək mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var. Birlik və həmrəylik, bir-birinə və birlikdə dövlətə dəstək olmaq pandemiya ilə mübarizədə uğur qazanmağın əsas şərtlərindəndir. Şənbə-bazar günlərində tətbiq olunan  xüsusi karantin rejimi haqda da danışan dövlət başçısı həftə sonunda qayda pozuntularının sayının az olmasının vətəndaşların məsuliyyətini dərk etdiyini, Azərbaycan cəmiyyətinin çox böyük nizam-intizam nümayiş etdirdiyini bildirdi:  “İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə və  həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda, bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsadüfi deyil ki, pandemiya dövründə “Biz birlikdə güclüyük!” birləşdirici şüar olmuşdur”.
Aprel-may aylarında Azərbaycanın təşəbbüsü ilə videokonfrans formatında ölkəmizin sədrliyi ilə keçirilən beynəlxalq konfranslar haqda da danışan Prezident İlham Əliyev Qoşulmama Hərəkatının üzvləri ilə birlikdə BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyanın keçirilməsinin təklif edildiyini bildirdi. “İndiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar”.
Bu gün Azərbaycan uğurlu və məqsədyönlü siyasəti ilə bütün dünyaya nümunədir. Çətin pandemiya dövründə ölkəmizin 29 ölkəyə humanitar yardım göstərməsi, Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada iki dəfə ianə verməsi bunun bariz nümunəsidir. Eyni zamanda, COVID-19-dan əziyyət çəkən işsiz şəxslərə, aztəminatlı ailələrə, sahibkarlara böyük həcmdə maliyyə vəsaitlərinin xərclənməsi, sosial dəstək tədbirlərinin miqyasının genişləndirilməsi, bir sözlə həyata keçirilən bütün tədbirlər dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sağlamlığının qorunması, onların rifah halının yüksəldilməsi amilinin dayandığının  sübutudur. İnanırıq ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmiz minimum zərərlərlə pandemiyadan xilas olacaqdır.


"Qax rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Terapiya şöbəsinin müdiri
Mədinə Süleymanova

Keçidlər