Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

16 iyul 2020 | 16:00

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda dövlət başçısı 2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsini növbəti təxribat,  təcavüz adlandırıb.
Hadisələrdən heç bir sutka keçməmiş Ali Baş Komandan, Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlətimizin başçısı öz çıxışında bir daha Ermənistanın cinayətkar addımlarını pislədi. Qeyd etdi ki, düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov orduda çox böyük hörmətə malik, aprel döyüşlərində öz rəşadətini göstərmiş hərbçi idi. O, yüksək dövlət ordeni ilə təltif edilmişdi. Fəxrlə deyə bilərik ki, düşmən mövqelərinə endirilən zərbələrlə onlarla erməni hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmiş, hərbçilərimizin intiqamı alınmışdır. İclasda ölkə başçısı bu əməliyyatı, son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti şanlı qələbəmiz adlandırdı. 
      Cənab Prezident nitqində dediyi kimi, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaqdır. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində ordumuz ermənilərə dərs verdi və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdi.
       Dövlətimizin başçısı bildirib ki, iki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən  işğaldan azad edildi. “Azərbaycan Ordusu tərəfindən geri qaytarılmış strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək”.
       Prezident vurğulayıb ki, bu əməliyyat bizim növbəti şanlı qələbəmizdir. “Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir”.
     Cənab Prezident onu da qeyd etdi ki,- “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş, Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq istəyən Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir”.
Ölkə başçısı son günlər düşmən  tərəfindən törədilən hərbi təxribatın əsl səbəbini hazırda Ermənistanda mövcud olan siyasi və iqtisadi böhranla əlaqələndirdi. “Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atıldı. Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır”.
       Tovuz istiqamətində törətdiyi  çirkin əməllərə Azərbaycan Ordusu tərəfindən layiqli cavab aldıqdan sonra Ermənistanın dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsinə də cənab Prezident  münasibət bildirdi. O, nitqində Azərbaycanın Ermənistan dövlət sərhədini pozmadığını və KTMT-nın də  bu məsələyə aidiyyatı olmadığını aydınlaşdırdı:  “Bu addım onların acizliyini, qorxaqlığını göstərir. Sübut edir ki, Ermənistan  Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəkldir. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər ”.
    Erməni təxribatından dərhal sonra  iyul ayının 12-də günorta saatlarında cənab Prezident müvafiq göstərişlər vermiş və o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələr təlimat alaraq təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat vermişlər. Ölkə başçısı vurğuladı ki, -“Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi son günlərdə? Ayın 12-də hadisələr baş verəndən sonra XİN rəhbəri istisna olmaqla, dövlət başçısı və rəsmilər işinin başında idi”.
     Cənab Prezident bütün vacib məsələləri xalq ilə bölüşdüyünü, xalqı narahat edən problemləri dərindən təhlil etdiyini nəzərə çatdıraraq deyib: “Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir”.
       İclasda dost ölkələrin Azərbaycana dəstəyi haqda da danışan ölkə başçısı  bildirdi ki, bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyə Cümhuriyyəti və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. “Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”.
     Ordumuzun düşmən hücumunu qəhrəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insanın Şəhidlər xiyabanına toplaşmasına da toxunan cənab Prezident İlham Əliyev  təxribatçı qrupların törətdiyi cinayət əməllərindən təssüfləndiyini nəzərə çatdırdı. “Əfsuslar olsun ki, onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu”.

Keçidlər