Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

25 oktyabr 2020 | 16:00

21 oktyabr 2020-ci il tarixdə ölkə rəhbəri Yaponiyanın nüfuzlu “Nikkei” qəzetinə müsahibə verib.
Müsahibəsində cənab Prezident İlham Əliyev bildirmişdir ki,  Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Minsk qrupu ölkələrinin paytaxtlarında Xarici İşlər nazirlərinin görüşməsi təbiidir. Moskvaya da səfər edilmiş və orada da görüş olmuşdur. Bu cür görüşlər əvvəllər də dəfələrlə olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır.
İndi vəziyyətin dəyişdiyini qeyd edən Ali Baş Komandan onu da əlavə edib ki, artıq satus-kvo və təmas xətti mövcud deyil.  Buna görə, Ermənistan rəhbərliyi daha da məntiqli davranmalı və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. “Bu müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir”-deyən cənab Prezident İlham Əliyev onu da vurğuladı ki, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilər.
Bu növ görüşlər əvvəllər də olub, əfsuslar olsun ki, Ermənistanın hazırkı hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri mümkün deyil. Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olmuşdur.            Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı,   Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deməsi, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmrini verməsi danışıqlar aparmaq üçün imkanın qalmadığını göstərir. Bütün bu cinayətkar addımlar Azərbaycanı vadar etdi ki, təcavüzkar Ermənistana layiq olduğu yeri göstərsin. Artıq Azərbaycan düşmənin cəzasını hərbi yolla verir, işğal altındakı tarixi torpaqlarımızı azad edir və hər gün  Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndlər elan olunur.
Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı da Ermənistandır. Atəşkəsə nail olunduqdan 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Birinci atəşkəs cəhdindən  24 saat keçməmiş təcavüzkar düşmən öz ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdi. Bunun da hərbi cinayət olduğunu qeyd edən cənab Prezident  Ermənistan hökumətinin buna görə məsuliyyət daşıyacağını bir daha bəyan etdi. 
Əlbəttə ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər düşmən tərəfdən hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik deyən ölkə rəhbəri düşmənin ikinci dəfə atəşkəsi pozmasından sonra Zəngilan şəhəri və bir çox kəndlərin azad edildiyini bildirdi.
Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qalması Ermənistanın  qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin boşa çıxdığını göstərdi. Bu cəhd Azərbaycan və  Minsk qrupu tərəfindən rədd edilmişdir.
Müsahibəsində Ermənistanın  yeddi rayonu boşaltmağı öhdəsinə  götürməyin vacibliyini bir daha dilə gətirən dövlət başçısı  bunun Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsi olduğunu diqqətə çatdırdı. Əsas prinsiplərdə qeyd olunur ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər öz ata-baba yurdlarına -Dağlıq Qarabağa, o cümlədən Şuşa şəhərinə geri dönməlidirlər. Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir. Danışıqlar yalnız bundan sonra aparıla bilər.
Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağından da danışan ölkə rəhbəri bunun Azərbaycan və Ermənistanın  razılığı ilə müəyyən ediləcəyini bildirdi. Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr də əsas prinsiplərin bir hissəsidir. Bu, sonuncu hissədir. Buna görə, Azərbaycan danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməyib. Minsk qrupunun həmsədrləri olan üç ölkə öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəkdir. Bu da həqiqətdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və sonda sülhməramlı qüvvələrin yerləşdirilməsi haqda həlledici sözü Azərbaycan deməlidir.
30 il ərzində Minsk qrupu münaqişənin nizamlanması istiqamətində heç bir nəticə əldə etmədi. Keçmiş Ermənistan hökumətləri ilə nisbətən də olsa,  irəliləyişə nail olunsa da,   yenə də  30 il ərzində  Minsk qrupu nəticə əldə edə bilməmişdir. Bu, özü hər şeyi göstərir. Minsk qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.
Minsk qrupunun üzvü kimi Türkiyənin de-fakto danışıqlara artıq cəlb olunduğunu bildirən cənab Prezident ölkəmizin Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək verdiyini qeyd etdi. Bu gün Türkiyə faktiki olaraq təkcə regionumuzda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Bu səbəbdən Türkiyənin fəal şəkildə danışıqlara cəlb olunması vacibdir.
Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Qanuna uyğun olaraq Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər vətəndaşlarının hüquqları kimi tam təmin olunacaqdır. 1990-cı illərin əvvəlində  Dağlıq Qarabağda, əsasən Şuşa, Xankəndi,  Xocalı  və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər bu ərazilərdə azərbaycanlılara qarşı  etnik təmizləmə həyata keçiriblər. Azərbaycan isə  heç vaxt bu toqquşmalar zamanı onlara eyni yolla cavab verməyib.
Dağlıq Qarabağda referendumun heç vaxt olmayacağını vurğulayan Ali Baş Komandan danışıqlar zamanı Azərbaycanın buna razılıq vermədiyini və indi tarixi ərazilərimizin  böyük bir hissəsinin  geri alındığı bir vaxtda bundan söhbət gedə bilməyəcəyini qeyd etdi. Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər və onların Ermənistan adlı dövləti var. Əgər ermənilərə yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etmək imkanı versələr onda dünyada neçə-neçə kiçik Ermənistan dövlətləri olardı.
Cənab Prezident  qətiyyətlə vurğuladı ki, heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcəkdir.
Son döyüşlər onu göstərdi ki, Ermənistan Yaxın Şərqdən muzdlu döyüşçüləri münaqişə zonasına gətirməkdə davam edir. Bunu hətta onların Baş naziri də  etiraf edib. O bildirib ki, onlar erməni əsilli xarici ölkə vətəndaşlarıdır. Onların  həqiqətən də erməni əsilli olması heç kəsə məlum deyil. Başqa ölkə vətəndaşlarının erməni əsilli olmaları onların muzdlu olmadıqlarına əsas deyildir. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan və  Kanada pasportu olan muzdlu döyüşçülər var.
Azərbaycan haqda yayılan şayiələr və əsassız bəyanatların isə heç bir sübut yoxdur. Bu gün torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan əsgəri özü döyüşür. Azərbaycanın kifayət qədər əsgər və zabitləri, o cümlədən nizami ordusu var.
Azərbaycan beynəlxalq enerji layihələrini də qrafikə uyğun icra edir deyən ölkə başçısı bildirdi ki,  TAP-ın rəsmi açılışı bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Bu illər ərzində Azərbaycan ərazisindən keçən bütün digər neft-qaz və 2006-cı ildən istismara verilən Bakı-Tbilisi-Ceyhan neft kəmərində də  heç bir hadisə baş verməyib. Kəmərlərimiz ərazimizdə lazımi qaydada qorunur. Lakin Ermənistanın rəsmi nümayəndələri tərəfindən bu kəmərlərə və neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəkləri barədə hədələr səslənir. Bu onların terrorçu xislətinin növbəti göstəricisidir.
Bu gün Azərbaycan iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur deyən dövlət başçısı onu da əlavə etdi ki, bu məsələ ilə bağlı gündəlik var və bu proses uğurla davam edir. Bu il ümumi daxili məhsulun  aşağı düşməsinə baxmayaraq ölkəmizdə indiyədək geriləmə 4 faizdən aşağı olub. Qeyri-neft sənayesində isə  artım olmuşdur. Bu, onu göstərir ki, sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı pandemiyadan əvvəl sürətlə inkişaf etmişdir. Ərazilərin geri qaytarılması da kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək.
Yaponiya şirkətlərinin ölkəmizdəki faydalı biznes əlaqələrdən də danışan Prezident İlham Əliyev Yaponiya banklarından alınan kreditlərlə Bakıda iki böyük elektrik stansiyası tikildiyini qeyd etdi.  Bununla da Azərbaycan artıq  elektrik enerjisini ixrac edən ölkəyə çevrilib.
Cənab Prezident Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyini dilə gətirdi. “Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq”.
Hazırda ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda siyasi fəaliyyət, media, ifadə, sərbəst toplaşma, dini etiqad azadlığı təmin olunub. İnternet azaddır. Son günlərdə siyasi partiyaların eyni amal ətrafında birləşdiyini də qeyd edən ölkə rəhbəri onların işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı dövlətin yürütdüyü siyasəti tam dəstəklədiyini bildirdi. Lakin iki siyasi partiya (Xalq Cəbhəsi və Müsavat) hökumətin siyasi dialoqla bağlı təklifini qəbul etmədi. Hökumət bu təklifi bir neçə ay bundan əvvəl etmişdi. 50-dən çox siyasi partiya isə normal dialoq, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında sivil münasibətləri dəstəklədi.Təklifi dəstəkləməyən birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan Xalq Cəbhəsi və Müsavat partiyalardır. 30 ildir ki, bu partiyalara eyni insanlar rəhbərlərlik edir.
Hamıya məlumdur ki, Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var. O,  hakimiyyətə gəlmədən əvvəl uzun illər 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü olub. Milli Olimpiya Komitəsinin prezidenti və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı olub. Aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini kimi fəaliyyət göstərib. Baş Nazir olub.
Müsahibəsində Mehriban xanım Əliyevanın xələf olmaq məsələsi haqqında danışan ölkə başçısı bildirib ki, “2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır. Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir.”
Sosial şəbəkələrlə bağlı yaranmış problemə toxunan ölkə rəhbəri bildirib ki, sosial şəbəkələrdə bəzi məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur və  müvəqqəti xarakter daşıyır.  Belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalı, hər birimiz milli təhlükəsizlik məsələlərində məsuliyyətli olmalıyıq. Toqquşmaların aktiv fazası bitdikdən sonra  məhdudiyyətlər aradan qaldırılacaqdır.
Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra şübhəsizdir ki, sülh bölgənin simasını müsbət mənada dəyişdirəcəkdir. Üç Qafqaz ölkəsi əməkdaşlıq edəcəkdir. Bəllidir ki,  Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Strateji tərəfdaşıq çərçivəsində Gürcüstanın hazırkı hökuməti ilə ölkəmizin  mükəmməl əlaqələri var. Birlikdə  icra olunan neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa layihələr bunun bariz nümunəsidir.
Regionda təcavüzkar ölkə kimi tanınan Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri onun bu ölkələrə  qarşı ərazi iddialarına görə bağlıdır. Hətta Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır.  Əgər Ermənistan işğala son qoyarsa və bu əsassız iddialarından əl çəkərsə sərhədlər açılacaqdır. Çünki Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Bu ölkədə bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır və işsizlik həddinin günü-gündən artığı ölkədə bu say  daha da azalacaqdır. İşğal olunmuş məhsuldar torpaqlardan məhrum olmaları da bu işdə rol oynayacaq. Bunun əksinə olaraq Azərbaycanın isə əhalisi artır.  Hal-hazırda  Türkiyənin əhalisi 83, Azərbaycanın əhalisi isə  10 milyondur. Ermənistan məntiqli olmadığı, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Düşən artıq bu təcavüzə son qoymalıdır. Azərbaycan ordusu onlara döyüş meydanında kimin kim olduğunu göstərdi. Ermənistanın “cəsur ordusu” haqqında bütün mifləri sadəcə dezinformasiya idi. Erməni ordusu qaçır və Azərbaycan ordusu onları məğlub edir.

Keçidlər