Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti

12 noyabr 2020 | 16:00

         Noyabrın 10-da ölkə başçısı İlham Əliyev xalqa müraciət edib. Müraciətində cənab Prezident bildirib ki, bu gün  ölkəmiz üçün tarixi bir gündür və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat, həqiqətən də, məsələnin həlli istiqamətində son nöqtə olacaqdır.    
  İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm deyən Ali Baş Komandan iyirmi səkkiz il yarım işğal altında olan Şuşanın azad edildiyini bildirdi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazandı və 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. 
Cənab Prezident həmçinin bildirdi ki, “Şuşada o dəstə başçısının özünə andiçmə mərasimi keçirməsi, Ermənistan baş nazirinin gedib orada iştirak etməsi Azərbaycana sataşmaq idi. Bunun hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq!”
Şuşanın azad olunması, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. Azərbaycan ordusu  işğalçıları  torpaqlarımızdan  iti qovan kimi qovdu. 
Xoşbəxtliyini dilə gətirən ölkə başçısı bildirdi ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!
Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Bəyanatın imzalanmasının səbəblərindən biri  Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsidir.  Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Son illər ərzində ölkədə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, Azərbaycanın beynəlxalq nüfuzu və beynəlxalq arenadakı fəaliyyəti, ordu quruculuğu bu qələbəni şərtləndirdi.
Ölkəmizin iqtisadi gücü qələbəni əldə etmək potensialımızı təmin etdi.  Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnika, silahlar alınır. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.
         Həmçinin bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Bugün Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir.
BMT Nizamnaməsi özünümüdafiə hüququnu bəxş edir və Azərbaycan xalqı bu hüquqdan istifadə edir. Danışıqlar tamamilə səmərəsiz olduğu üçün Azərbaycan bu hüquqlarına müraciət etməyə məcbur oldu.
Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib deyən cənab Prezident bu birliyin əbədi olacağını vurğuladı. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.
Siyasi müxalifət də  bu dövrdə yüksək şüur nümunəsi göstərdi.
Qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsidir. Müharibədən sonra bəzi məqamların açıqlanması ilə sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığının şahidi olacaq.

Noyabrın 10-da imzalanmış bəyanata əsasən:


1.  Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında   bütün hərbi əməliyyatlar  tam dayandırılır. Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar;
2.  Noyabrın 20-dək   Ağdam, noyabrın 15-dək  Kəlbəcər,  dekabrın 1-dək Laçın rayonunları Azərbaycan Respublikasına qaytarılır;
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir;
4. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır;
5.  Növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur;
6. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır;
7. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir;
8.  Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. 

Bəyanatın üstünlükləri:

1) Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı.
          2) Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır.
3) Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir.  Azərbaycana  maksimum sərf edən sənəddir.
4) Ermənistan baş naziri əvvəlcə bəyanatı imzalamaqdan imtina etsə də, sonradan imzalamışdır. Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi.
5) Bəyanat uzun illər davam edən işğala son qoyur.
6) Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir.
7) Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir.
8) İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq.
9) Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür (işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çoxsəviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb).
10) Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.  Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.
11) Bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə Azərbaycan üçün dost və qonşu ölkədir.
12) Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir.   Beləliklə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur.
13) Başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.

Bəyanatın əldə olunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirilməlidir deyən Prezident İlham Əliyev münaqişənin dayandırılmasında bu iki liderin öz müsbət rolunu oynadığını bildirdi. Həmçinin qeyd etdi ki, “ Biz düşməni məcbur edə bilmişik. Mən onlara ultimatum vermişəm. Demişəm ki, çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm. Biz Şuşaya da qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. “
Ölkə rəhbəri böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzasını atdığını bildirdi. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur.
Müharibənin nəticəsi göstərdi ki,ermənilərin yaratdıqları mif dağıldı.
Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaqsa, o, məsuliyyətə cəlb olunacaqdır.
Müraciətdə düşmənin məhv edilmiş hərbi texnikasını diqqətə çatdıran ölkə rəhbəri bildirdi ki, ”Onların demək olar ki, bütün texnikasını məhv etmişik,  30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər.
Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz,  heç kim bizimlə zarafat edə bilməz deyən Ali Baş Komandan vurğuladı ki,  Paşinyan bəyanatı qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. O, bəyanatı Azərbaycanın dəmir yumruğunun hesabına imzalayır!
Bugün Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə  yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər. Azərbaycan müharibəni humanitar hüquq normaları ilə aparmışdır, ermənilərin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki Azərbaycan ordusu mülki obyektlərə atəş açmayıb.   
Mənfur düşmən Şuşanı işğal altında saxlamaqla mədəni irsimizə böyük zərbə vurmuş, tarixi abidələrimizi və məscidlərimizi dağıtmışdır.
Artıq Ermənistanda qarışlıqlı ittihamlar baş alıb gedir. Artıq onlarla şəxs vətənə xəyanət ittihamı ilə, hərbi qanunlarla mühakimə olunub, onlarla şəxs yüksək postlardan uzaqlaşdırılıb.
Azərbaycan xalqı   27 il ərzində həmişə Ümummilli Lider Heydər Əliyevin, sonra isə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib. Ermənistanda indiyədək az qala bütün hakimiyyət dəyişikləri qanla, gülləboranla və ya küçədə həll olunub.
Bugün Azərbaycan xalqı qələbə bayramını qeyd edir, ermənilər isə parlament və hökumət binalarını dağıdır.
Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, Azərbaycanın böyük sərvətidir.
Ermənistan monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir.
30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları Azərbaycan xalqını sındırmadı və iradəsinə heç bir mənfi təsir göstərmədi deyən ölkə rəhbəri vurğuladı ki, “Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq. Şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik olan xalqdır.İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq.”
         Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Yaralı  əsgər və zabitlərin tezliklə sağalıb normal həyata dönməsi, sağalması üçün dövlətimiz əlindən gələni edir.
Ermənistan silahlı qüvvələrinin ballistik raketlərlə mülki vətəndaşlara atəş açması  hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər.
Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək.
Azərbaycan xalqı bütün tarixi abidələri, bütün məscidləri bərpa edəcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir deyən Ali Baş Komandan vurğuladı ki, “ Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq.  “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Keçidlər