Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

20 Yanvar- Ümumxalq hüzn günü

19 yanvar 2021 | 16:00

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Artıq Qanlı Yanvar hadisələrindən 31 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi və xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu. Otuz bir  il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi. Bakıdakı 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.
Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib. Həmçinin Ümummilli Lider tərəfindən «20 Yanvar Şəhidi» fəxri adının təsis edilməsi haqqında 31 mart 1998-ci il tarixli Fərmanın, "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında 17 yanvar 2000-ci il tarixli Fərmanın,  20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə birdəfəlik dövlət yardımı haqqında 17 yanvar 2000-ci il tarixli Sərəncamın və bununla bağlı digər sənədlərin imzalanması bu dahi şəxsiyyətin 20 Yanvar faciəsinə nə dərəcədə həssas yanaşdığının göstəricisidir. 
“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 19 yanvar 2006-cı il tarixli Fərmanın, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2011-ci il tarixli Fərmanın, həmçinin  digər sənədlərin imzalanması dövlət başçısının bu məsələni diqqətdə saxladığının göstəricisidir.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli lider Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Şəhidlərimizin qanları bahasına Azərbaycan öz müstəqilliyini qazandı lakin tarixi torpaqlarımız erməni işğalına məruz qaldı. Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi sınanmış lideri var idi və bu ölüm-dirim savaşında o, artıq tək deyildi.
            Xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin yüksək dühası və siyasi uzaqgörənliyi sayəsində 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, respublika daxilində sabitlik təmin edildi. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli, mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə start verildi.
         Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu.
              Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
         Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.
2003-cü ildən keçən 18 il ərzində isə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayır. Ölkədə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilməkdədir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilir.  Dövlətimizin iqtisadi imkanlarının artması orduya daha çox vəsait ayrılmasına şərait yaratdı. Həqiqətən də, ordu dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır.
2020-ci il bütün dünyada çətin il olsa da Azərbaycan üçün istər siyasi,  diplomatik,  hərbi, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. Tarixi ədalət bərpa olundu, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü göstərdi.
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə Ermənistan Azərbaycan qarşısında diz çökdü.  Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qədim şəhərlərimiz, əzəli torpaqlarımız azad olundu.
Bugün artıq işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılır. Füzuli-Şuşa avtomobil yolunun, Füzuli Beynəlxalq hava limanının və Bərdə-Ağdam dəmir yolunun tikintisinə başlanılıb. Bütün bunlar bizə deməyə əsas verir ki, yenidənqurma işləri və gələcəkdə həyata keçiriləcək layihələr bölgəyə yeni nəfəs gətirəcək, həmin ərazilərdə daimi sülh bərqərar olacaqdır.
          Bu da həqiqətdir ki, müharibə itkisiz olmur.Torpaqlarımız işğaldan azad edilərkən şəhidlərimiz, qazilərimiz oldu.
Bu gün Azərbaycan xalqı illərdir gözlədiyi, ruhunun təntənəsi olan qalibiyyəti yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini də yad edir və əbədiyyən qəlbində yaşadacaq. Heç təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Şuşanın azad olunmasını, Azərbaycan xalqı isə Zəfər gününü tarixi həqiqətləri daim yada salan, şəhidlik zirvəsinin nə olduğunu hər addımda xatırladan Şəhidlər xiyabanında qeyd etdi. Çünki müstəqil Azərbaycan uğrunda canlarından keçənlərin ən böyük hədiyyəsi azad Vətən torpağıdır. Artıq bütün şəhidlərimizin narahat ruhları şaddır. Allah şəhidlərimizə rəhmət eləsin...

Keçidlər