Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İqtisadiyyat

           

      Hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq  məhsulları istehsalının dinamik inkişafının təmin olunması üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi  davam etdirilmişdir. Belə ki, 2020-ci ilin məhsulu üçün əkilmiş 13026 hektar payızlıq taxıl, o cümlədən 10270 hektar buğda, 2756 hektar arpa sahəsindən 38.4 min ton payızlıq dənlilər istehsal olunmuşdur. Payızlıq dənlilərdə hər hektardan orta məhsuldarlıq 29.5 sentner təşkil etmişdir.  2021-ci ilin məhsulu üçün 10036 hektar sahədə buğda, 4055 hektar sahədə isə arpa olmaqla cəmi 14091 hektar sahədə səpin işləri aparılmışdır.  Hesabat ilində  1787 hektar qarğıdalı sahəsindən 15.9 min ton məhsul tədarük edilmiş, orta məhsuldarlıq 84.3 sentner təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 10.1 sentner çox olmuşdur. Ötən il rayon üzrə ümumilikdə bitkiçilik sahəsi üzrə 18820 hektar sahə üçün 4 milyon 270 min manat subsidiya ödənilmişdir.

Rayonumuz üçün ənənəvi istehsal sahələri olan tütünçülüyün və baramaçılğın daha da inkişaf etdirilməsinə xüsüsi diqqət verilərək ötən il 496.4  hektar sahədə tütün əkini aparılmış 755.6 ton quru tütün tədarük olunmuşdur.
Hesabat dövründə rayonda 12.8 ton barama istehsal olunmuşdur. Kümdarlara barama istehsalına görə 58.3 min manat subsudiyanın verilməsi təmin olunmuşdur. Rayonda baramaçılığın yem bazasının artırılması məqsədilə ötən il 28235 ədəd yerli tut tinginin əkini təmin olunmuşdur.
Regionların təbii-iqlim şəraiti və istehsal ənənələri nəzərə alınmaqla ixrac yönümlü məhsul istehsalının artırılması məqsədilə hesabat ilində rayonun ayrı-ayrı ərazilərində 22.5 hektar sahədə yeni fındıq bağları salınmışdır.
Rayonda yaradılmış Aqropark ərazisində ötən il ekoturizmin inkişaf etdirilməsi məqsədilə 50.5 hektar ərazidə müxtəlif növ meyvə tingləri əkliməklə ekobağ salınmış, suvarmanın yüksək səviyyədə təşkili məqsədilə damcılı suvarma sistemi quraşdırılmışdır. Hesabat ilində müəssisədə 1070 hektar buğda sahəsindən 5104 ton, 90 hektar arpa sahəsindən 417.6 ton olmaqla cəmi 5521.6 ton payızlıq dənlilər istehsal olunmuşdur.  Buğda məhsulu üzrə məhsuldarlıq 47.7 sentner, arpa məhsulu üzrə məhsuldarlıq 46.4 ton təşkil etmişdir. Buğdanın məhsuldarlığı rayon  səviyyəsindən 17.9 sentner, arpanın məhsuldarlığı isə 18.0 sentner çox olmuşdur. Qeyd etmək lazımdır ki, müəssisənin suvarılan torpaqlarında hesabat ilində 180 hektar dən qarğıdalı sahəsinin hər hektarından 141 sentner olmaqla cəmi 2538 ton məhsul istehsal olunmuşdur. Hesabat ilində müəssisədə 90 hektar sahədə təkrar qarğıdalı əkini aparılmış və 912 ton məhsul istehsal olunmuşdur. Həmçinin müəssisədə 2021-ci ilin məhsulu üçün 1049 hektar sahədə buğda, 100 hektar sahədə arpa əkini aparılmışdır.
Hesabat dövründə “Aqrolizinq” ASC-nin rayon bölməsi tərəfindən   kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlə 941 ton müxtəlif növ mineral gübrələrin və 1884 litr həcmdə pestisidlərin satışı təmin olunmuşdur. Hesabat ilində filiala məxsus texnikalar vasitəsi ilə rayonun ayrı-ayrı ərazilərində  2800 hektar sahədə payızlıq dənlilərin, 400 hektar sahədə isə dən qarğıdalı  biçini aparılmışdır.          
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinin aşkar edilməsi məqsədilə aparılmış müşahidə işlərinin nəticəsi olaraq ayrı-ayrı ərazilər üzrə ötən il 1471 hektar sahədə gəmiricilərə, 1283 hektar sahədə taxıl böcəyinə, 507 hektar taxıl sahəsində sarı pas, 276 hektar qarğıdalı sahəsində gövdə kəpənəyinin tırtırlarına və 735 hektar meyvə bağlarında müxtəlif zərəvericilərə qarşı kimyəvi mübarizə aparılmışdır. Həmçinin il ərzində rayonun ayrı-ayrı ərazilərində 115 hektar sahədə ambroziyaya qarşı kimyəvi mübarizə aparılmış, 168 hektar sahədə isə mexaniki yolla məhv edilmişdir.  Əkin və qeyri-əkin sahələrində müxtəlif növ alaq otlarına qarşı təsərrüfat subyektləri tərəfindən 14287 hektar sahədə kimyəvi  mübarizə tədbirləri aparılmışdır.
Qax Regional Toxum Sertifikatlaşdırma Mərkəzi tərəfindən rayonda fəaliyyət göstərən özəl toxumçuluq müəssisələrində işlərin gedişi nəzarətə götürülmüş, toxumluq əkin sahələrində aprobasiya işi aparılmışdır. Hesabat ilində rayonda fəaliyyət göstərən 4 özəl toxumçuluq müəssisəsi və 2 nəfər taxıl toxumçuluğu ilə məşğul olan fiziki şəxs tərəfindən 6191 ton yüksək kondisiyalı buğda, 414 ton isə arpa toxumu istehsal olunaraq məhsul istehsalçılarına satılmışdır. İl ərzində mərkəz tərəfindən sertifikatlaşdırılmış toxumların saxlanılmasına və etiketləşdirilməsinə nəzarət edilmişdir. Bununla belə qeyd olunmalıdır ki, mərkəz tərəfindən rayonda dövlət reyestrinə daxil olmayan və rayonlaşdırılmamış toxumların ticarət dövriyyəsinin qarşısının alınmasına tam nail olunmamışdır.
Torpaqların su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatının yaxşılaşdırılması məqsədilə ötən il rayonda 513.5 min m3 həcmdə lildən təmizləmə işləri, 25 ədəd hidropost və 51 ədəd hidroqurğuda  təmir işləri aparılmışdır.
         Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə ötən il daşqın və selə qarşı 1002.9 min m3 məcratəmizləmə işləri aparılmış, 1979 m3 qabion və 5598 m3 daş-beton bəndlərdə sahilbərkitmə işləri, 313.7 m3  beton bənddə, 401 m3 beton kanalda, 1997.3 m3  dəmir-beton kanalda təmir işləri  aparılmışdır.
         “Qax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq hesabat ilində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonun 17 yaşayış məntəqəsində - Almalı, Baydarlı, Dəymədağlı, Əlibəyli, Güllük, İbaxlı, Kiçik Alatəmir, Qaradolaq, Qındırğa, Qıpçaq, Qorağan, Lələpaşa, Marsan, Turaclı, Uzuntala, Zərnə kəndlərində və Qax şəhərində artezian və subartezian quyuları qazılmışdır.
       Ötən hesabat ilində rayonumuzun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilmişdir. Belə ki, 01 yanvar 2021-ci il tarixə rayonda 23587 baş iribuynuzlu mal, o cümlədən 12145 baş ana mal,  56719 baş qoyun-keçi və  26846 arı ailəsi mövcud olmuşdur. Rayonda arıçılığın daha da inkişaf etdirilməsi üçün stimullaşdırıcı amillərin həyata keçirilməsi məqsədilə hesabat ilində arıçılıqla məşğul olan 899 nəfər sahibkara dövlət vəsaiti hesabına 268.4 min manat məbləğində subsidiya ödənilmişdir. Turaclı kəndində 61 arıçını birləşdirən ümumi arı ailələrinin sayı 600 ədəd olan “Şan balı” İstehsal Kooperativi yaradılmışdır.
         Hesabat dövründə mal-qara arasında qısırlıq hallarının minimuma endirilməsi, əhali təsərrüfatlarında olan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi üçün süni mayalanmanın tətbiqi diqqət mərkəzində saxlanılmışdır. Ötən il 4809 baş inək-düyə süni mayalandırılmışdır ki, bu da 2019-cu illə müqayisədə 718 baş çox olmuşdur. Süni yolla mayalandırılmış inək-düyələrdən ötən il 2019-cu illə müqayisədə 74 baş çox olmaqla 2728 baş salamat bala alınmışdır. Süni yolla mayalanma nəticəsində doğulmuş buzovlara görə mal sahiblərinə 250.1 min manat məbləğində subsidiya ödənilmişdir.
Ötən il respublikaya idxal olunan yüksək məhsuldar 29 baş cins düyənin heyvandarlıqla məşğul olan 10 nəfər sahibkara 50 faiz güzəştlə lizinq yolu ilə satılması təmin olunmuşdur. İl ərzində rayonda fəaliyyət göstərən 4 özəl inkubatorda 300 mindən çox cücə çıxarılaraq satışı təmin olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2019-cu illə müqayisədə ət istehsalı 3 ton artaraq 3040.8 tona, süd istehsalı 0.2 ton artaraq 16115.5 tona, yumurta istehsalı 1 min ədəd artaraq 7 milyon 916 min ədədə çatmış, yun istehsalı 102.1 ton olmuşdur.
Rayonda mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan epizootiya əleyhinə tədbirlərin icrası tam təmin olunmuşdur. Profilaktik tədbirlər vaxtlı-vaxtında aparıldığından  mal-qara arasında yoluxucu xəstəliklərin baş verməsi halları müşahidə olunmamışdır.


 

 

Keçidlər