Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Təhsil

         

Rayon üzrə təhsil sektorunda 2024-cü ilin 6 ayı ərzində təhsilin inkişaf etdirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunları, Azərbaycan hökuməti və Elm və Təhsil Nazirliyinin milli təhsilimizin gələcəyinə xidmət edən hüquqi normativ sənədlərin tələbləri əsas götürülmüşdür.

Hesabat dövrü ərzində rayonda 53 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar  və 36 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərmişdir. Rayonun ümumtəhsil məktəblərinə 7377 nəfər, məktəbdənkənar təhsil müəssisələrinə 1251 şagird cəlb olunmuşdur. Məktəbəqədər təhsil müəssisələrində isə 1323 nəfər bağçayaşlı uşaq tərbiyə alır. Rayon üzrə uzun müddət təhsildən kənarda qalan 8 şagird fərdi təhsilə, sağlamlıq imkanları məhdud olan olan uşaqlardan 23 nəfəri evdə təhsilə, 1 nəfəri isə məktəbin nəzdində xüsusi sinfə cəlb edilmişdir.

Dərs ilinin ötən dövrü ərzində rayonun təhsil müəssisələrinin tədris-maddi bazasının yenilənməsi istiqamətində bir sıra işlər davam etdirilir. Ağçay kənd ümumi orta məktəbinin dam örtüyü yenilənmişdir. Qaxingiloy kənd tam orta məktəbinin idman zalı, bir necə sinif otağı təmir edilir, pəncərə və qapılar yenisi ilə əvəz edilir, istinad divarının yenilənmişdir. Ağyazı kənd tam orta məktəbdə dam örtüyü, pəncərələr yenilənmiş, dəhlizlərdə cari təmir işləri davam etdirilir.

Rayonda fəaliyyət göstərən 53 ümumtəhsil məktəbindən 12-si dizellə, 13-ü qazla, 3-ü elektriklə, 15-i odunla, 1-i dizel və odunla, 3-ü qaz və odunla, 6-sı elektrik və odunla qızdırılır. Rayonun 36 məktəbəqədər təhsil müəssisəsindən 1-i dizellə, 12-si qazla, 3-ü elektriklə, 19-u odunla, 1-i odun və dizellə qızdırılır.

Rayon təhsil sektoru ötən il ərzində icbari təhsilin yerinə yetirilməsini, yeni tədris planlarının tətbiqini, tədris prosesinin təkmilləşdirilməsini, şagirdlərin mənəvi tərbiyəsinin formalaşmasını, onların Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində tərbiyəsini, Azərbaycan Respublikası Prezidentinin təhsillə bağlı sərəncamlarının icrasını diqqət mərkəzində saxlamışdır. Eyni zamanda 2024-cü ilin ötən dövründə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlərin keçirilməsi təmin edilmişdir.

2023-2024-cü tədris ilində tədris rus dilində olan Qax şəhər Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbdə ilk dəfə olaraq Azərbaycan bölməsi (I sinif) fəaliyyətə başlamışdır. 2024/2025-ci tədris ilində I sinif və məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi planlaşdırılır.

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına, Elm və Təhsil Nazirliyinin müvafiq hüquqi-normativ sənədlərinə uyğun olaraq 2023-2024-cü dərs ilində 26 məktəbdə 29 məktəbəhazırlıq qrupu təşkil edilmişdir ki, həmin qruplara da  338 nəfər uşaq cəlb edilmişdir.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə rayonun 7 kəndində - Baydarlı, Qarabaldır, Fıstıqlı, Lələpaşa, Lələli, Şıxlar, Uzuntala kəndlərində 3-4 yaşlı uşaqlar üçün icmaəsaslı məktəbəqədər hazırlıq qrupları təşkil edilmiş, 2023-2024-cü dərs ilində həmin qruplara 106 nəfər uşaq qəbul edilmişdir.

2023/2024-cü tədris ilində şəhər 2 nömrəli məktəb-liseyin, şəhər 4, 5 nömrəli tam orta məktəblərin X və XI siniflərində 11 təmayül sinfi, şəhər 5 nömrəli tam orta məktəbin X sinfində isə peşə təmayüllü sinif təşkil edilmişdir. Həmin məktəblərin XI siniflərinə 125, X siniflərinə isə 145 şagird cəlb edilmişdir. Şəhər 2 nömrəli məktəb-liseyin V, VI, VII, VIII, IX, şəhər 4 nömrəli tam orta məktəbin  V, VI, VII, VIII siniflərində STEAM layihəsi, şəhər 2, 4, 5 nömrəli tam orta məktəblərin II, III, IV, V, VI, VII, VIII, Almalı kənd tam orta məktəbinin II, III, IV, V, VI, VII siniflərində rəqəmsal bacarıqlar layihəsi tətbiq edilmişdir.

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-ci il ilin mart ayının 10-də rayonun ümumtəhsil məktəblərinin XI siniflərində tam orta təhsil səviyyəsi üzrə, aprel ayının 21-də rayonun ümumtəhsil məktəblərinin IX siniflərində buraxılış imtahanı keçirilmişdir. İmtahan Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin, Etibar Babayev adına 4 nömrəli və Tofiq İsmayılov adına 5 nömrəli tam orta məktəbin binasında təşkil edilmiş, bu prosesdə rayonun ümumtəhsil məktəblərində təhsil alan Azərbaycan, gürcü və rus bölməsi üzrə 451 şagird XI sinif, 680 şagird IX sinif şagirdi iştirak etmişdir. İlkin nəticələrə görə IX siniflərdə ana dili fənnindən rayon göstəricisi 55.72 (ötən il 44.55), riyaziyyat fənnindən 31.63 (ötən il 29.77), xarici dil fənnindən 33.04 (ötən il 30.93), hər üç fənn üzrə 120.4 (ötən il 105.2) bal olmuşdur. XI siniflərdə isə ana dili fənnindən rayon göstəricisi 62.99  (38.15), riyaziyyat fənnindən 39.01 (ötən il 30.80), xarici dil fənnindən 42.93 (ötən il 37.74), hər üç fənn üzrə 144.09 (ötən il 106.7) bal olmuşdur.

Toplanmış ilkin məlumatlara görə 2024-cü ildə rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 388 nəfər məzundan 309 (78%) nəfəri ali məktəblərə qəbul imtahanlarına sənəd vermişdir.

Ötən dövr ərzində Respublika fənn olimpiadalarının rayon mərhələsində 359 şagird iştirak etmişdir. 24 fevral 2024-cü il tarixdə Zaqatala şəhərində fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilmişdir. Bu turda rayonumuzu 83 məktəbli təmsil etmiş və final mərhələsinə 6 şagird vəsiqə qazanmışdır. Şəhər 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Mütəllibova Gülay Vüqar qızı (Azərbaycan dili və ədəbiyyat fənni) gümüş, həmin məktəbin IX sinif şagirdi Paşayev Adil Qoşqar oğlu (Coğrafiya fənni) gümüş, Zərnə kənd tam orta məktəbin IX sinif şagirdi Musayeva Fəridə Ədail qızı (Tarix fənni) gümüş medal qazanmışlar. Lütfi Zadə adına Məntiq Olimpiadasının rayon mərhələsində 135 nəfər V sinif şagirdi iştirak etmiş, 15 nəfəri II mərhələyə vəsiqə qazanmışdır. Respublika fənn müsabiqəsinin I mərhələsində 283 nəfər VI və VII sinif şagirdi iştirak etmiş, 64 nəfəri  II mərhələdə iştirak etmiş və final mərhələsində 5 şagird iştirak etmişdir. 

07.04.2024-cü il tarixində rayonun ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilmişdir. Rayonun ümumtəhsil məktəblərindən 99 şagird iştirak etmiş və final mərhələdə rayonumuzu 5 şagird təmsil etmişdir.

Respublika üzrə keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsində Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Kərimov Şövkət Cəbrayıl oğlu rayonumuzu təmsil etmişdir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkil etdiyi “Əlaçı” televiziya layihəsinin final mərhələsində Rəfail İbrahimov adına Cəlayir kənd tam orta məktəbinn X sinif şagirdi Babayev Fərda Coşqun oğlu, Namiq Allahverdiyev adına 2 saylı məktəb-liseyin X sinif şagirdi Məmmədli Zəhra Ceyhun qızı, Etibar Babayev adına 4 nömrəli tam orta məktəbin X sinif şagirdləri Abdullazadı Xanım Natiq qızı, Məhərrəmli Şahənə Fərman qızı, Qafarlı Xuraman Cəfər qızı iştirak hüququ qazanmışdır.

Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvüləri “Tarixi şəxsiyyətlər və proseslər” məktəblilərin respublika tədqiqat və yaradıcılıq müsabiqəsində Aşurova Nuray Elmar həvəsləndirici yer, “Dostluğun sehri” VI Beynəlxalq onlayn uşaq rəsm müsabiqəsində “Ölkəmin abidələri” nominasiyasında Qamxaraşvili Aida Zaza I yerə H.Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki Azərbaycanlıyam” adlı Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalında rəqs nominasiyasında İsmayıllı Mapəri Ələfsər, Hacızadə Aytac Vəli, Məmmədli Ülkər Saleh, Təmrazlı Nazənin Nahid, Mahmudlu Səidə Rövşən, Quluşova Aylin Cəbrayıl, Qasımzadə Fuad Vüsal, Vəlizadə Vüsal Tural, İsmayılov Qalib Eşqin, Həmidli Kamran Kənan I yer, rəsm nominasiyasında Məmmədli Fəridə Saleh II yer, Əziz Nuray İlham III yer, əl işi nominasiyasında Qurbanlı Duyğu Elmir I yer, Dadaşlı Şəms Talıb III yer, “Çıxdı günəş, doldu cahan nur ilə” adlı lll respublika virtual uşaq yaradıcılıq festival- müsabiqəsində Xalq oyun-tamaşaları nominasiyası üzrə Abışov İbrahim Elmar, İsmayılov İsmayıl Sərvər, Verdiyev Elnur Anar II yer, rəqs nominasiyasında Ömərli Ləman Muxtar, Muradlı Zenfira Nazim, Piranlı Mədinə Ruslan, Həşimova Səbinə Pərvin, Məmmədli Nuray Fəqan, İbrahimli Rəna İlham III yerə layiq görülmüşlər.

 “Sərhəd” hərbi-idman oyununda Zəyəm kənd tam orta məktəbin komandası zona mərhələsinin qalibi olmuşdur.

“Şahin” hərbi-idman oyunu üzrə məktəb və rayon turları yekunlaşdırılmış, rayon turunun qalibi olan Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyinin komandası rayonumuzu zona mərhələsində təmsil  etmək hüququ qazanmışdır.  

21-24 iyun 2024-cü il tarixlərində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırmasına rayonun 2 nəfər Azərbaycan dili və ədəbiyyat, 3 nəfər ibtidai sinif, 46 nəfər riyaziyyat, 67 nəfər xarici dil müəllimi cəlb olunmuşdur.

Cari ilin ötən dövrü ərzində rayonun ümumtəhsil məktəblərində çalışan işçilərdən 701 nəfəri, məktəbəqədər təhsil müəssislərində çalışan işçilərdən 583 nəfəri,  29.06.2024-cü il tarixinədək tibbi müayinədən keçmişdir. Digər işçilərin tibbi müayinədən keçməsi sentyabr-oktyabr aylarında davam etdiriləcəkdir. Bundan başqa rayonun ümumtəhsil məktəblərində təhsil alan 451 nəfər XI sinif şagirdindən 445-i, 465 nəfər X sinif şagirdindən 455-i, 693 nəfər IX sinif şagirdindən 685-i 2024 cü il mart, aprel, may ayları ərzində tibbi müayinədən keçmişdir.

 

 

 

 

Keçidlər