Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2022-ci ilin hesabatı

Qax rayonunun 2022-ci ilin sosial–iqtisadi inkişafının yekunları, 2023-cü ildə qarşıda duran vəzifələr haqqında

 

       Ötən il respublikamızın digər regionlarında olduğu kimi,  rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

      2022-ci ildə rayon üzrə məhsul buraxılışı 168 milyon 818 min manat olmuşdur. Sənaye sahəsində məhsul buraxılışı 16 milyon 972 min manat, kənd təsərrüfatı sahəsində 85 milyon 203 min manat, tikinti sahəsində 12 milyon 232 min manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 1 milyon 497 min manat, informasiya və rabitə sahəsində 1 milyon 437 min manat, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 49 milyon 287 min manat olmuşdur.

         2022-ci ilin yanvar-dekabr aylarında rayonda əsas kapitala investisiya qoyuluşu 15 milyon 271 min manat olmuşdur. Qoyulmuş investisiyanın 9 milyon 523 min manatı dövlət mülkiyyətinə, 5 milyon 748 min manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur.

         Hesabat dövründə rayonda 126 yeni iş yeri açılmışdır. Yeni iş yerləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 iş yeri çox olmuşdur. Yeni açılmış iş yerlərinin 45-i yeni yaradılmış, 81 iş yeri isə mövcud müəssisə və təşkilatlarda qeydə alınmışdır. Ötən il rayon üzrə orta aylıq əməkhaqqı 451.1 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 52 manat çox olmuşdur.

Qax rayonu üzrə 2022-ci ildə 5 milyon 300 min manat proqnoza qarşı büdcəyə 5 milyon 409 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 102.1 faizini təşkil etmiş və müəyyən olunmuş proqnozdan 109.1 min manat çox olmuşdur.

        Sahibkarlığın İnkişafı Fondu tərəfindən ötən il rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə 63 sahibkara 1 milyon 898 min manat güzəştli kreditlər verilmişdir.

  Hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq  məhsulları istehsalının dinamik inkişafının təmin olunması üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi  davam etdirilmişdir. Belə ki, hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq  məhsulları istehsalının dinamik inkişafının təmin olunması üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi  davam etdirilmişdir. Belə ki, 2022-ci ilin məhsulu üçün əkilmiş 13238 hektar payızlıq taxıl, o cümlədən 8830 hektar buğda, 4408 hektar arpa sahəsindən 42.5 min ton payızlıq dənlilər istehsal olunmuşdur. Payızlıq dənlilərin hər hektardan orta məhsuldarlığı 29.6 sentner təşkil etmişdir.  2023-cü ilin məhsulu üçün  9252 hektar sahədə buğda, 4070 hektar sahədə arpa əkini olmaqla cəmi 13322 hektar sahədə səpin işləri aparılmışdır.

Hesabat ilində  1556 hektar qarğıdalı sahəsindən 12.95 min ton məhsul tədarük edilmişdir. Dən qarğıdalının hər hektardan orta məhsuldarlığı 83.3 sentner təşkil etmişdir ki, bu da 2021-ci illə müqayisədə 5.1 sentner çox olmuşdur.

Rayonumuz üçün ənənəvi istehsal sahələri olan tütünçülün və baramaçılığın daha da inkişaf etdirilməsinə xüsüsi diqqət verildiyindən bu sahədə zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilmışdir. Ötən təsərrüfat ilində 373.28  hektar sahədə tütün əkini aparılmış, 408  ton quru tütün yarpağı tədarük olunmuşdur. Tədarük olunmuş quru tütünə subsidiya verilməsi ilə əlaqədar sənədləşmə işləri başa çatdırılmışdır.

 Hesabat ilində  11 ton 842 kq barama istehsal olunmuşdur. Kümdarlara barama istehsalına görə 60.9 min  manat vəsaitin subsidiya kimi verilməsi təmin olunmuşdur. Baramaçılığın yem bazasının artırılması  məqsədilə 10000 ədəd tut tinginin baramaçılıqla məşğul olan ərazilərdə əkini təmin olunmuşdur. 

Rayonda yaradılmış Aqroparkda 2022-ci ilin məhsulu üçün əkilmiş 1000 hektar buğda sahəsindən 4276 ton, 200 hektar arpa sahəsindən 663 olmaqla cəmi 4939 ton payızlıq dənlilər istehsal olunmuşdur. Buğda məhsulu üzrə məhsuldarlıq 42.8 sentner, arpa məhsulu üzrə məhsuldarlıq 33.2 sentner təşkil etmişdir. Buğdanın məhsuldarlığı rayon  səviyyəsindən 9.4 sentner, arpanın məhsuldarlığı isə 3.6 sentner çox olmuşdur. Qeyd etmək lazımdır ki, hesabat ilində 170 hektar dən qarğıdalı sahəsinin hər hektarından 95.3 sentner olmaqla cəmi 1619.8 ton məhsul istehsal olunmuşdur. 2023-cü ilin məhsulu üçün 1150 hektar sahədə buğda, 100 hektar sahədə arpa əkini aparılmışdır.

        Hesabat dövründə rayonda torpaqların su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatının yaxşılaşdırılması məqsədilə 341 min m3 həcmdə lildən təmizləmə işləri, 2 ədəd hidropost və 2 ədəd hidroqurğuda  təmir işləri aparılmışdır.  Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə daşqın və selə qarşı 550,5 min m3 məcratəmizləmə işləri aparılmış, 481 m3 qabion və 642 m3 daş-beton bəndlərdə daşqın və selə qarşı sahilbərkitmə işlərinin aparılması üçün təmir işləri görülmüşdür. 302 m3 kanal beton üzlüyə alınmışdır. Ötən il rayonun Ağyazı, Amanlı, Cəlayir, Güllük, Qaratala, Şıxlar və Tasmalı kəndlərində artezian quyuları qazılmışdır.

         Hesabat dövründə abadlıq işləri ilə bağlı  büdcədə nəzərdə  tutulmuş  vəsait hesabına şəhərin Ü.Hacıbəyov küçəsi 8A və 8B, H.Əliyev prospekti 1A saylı kommunal yaşayış binalarının həyətlərində abadlıq işləri aparılmışdır. Qeybulla Rəsulov, Səmədbəy Mehmandarov,  Cəlal Məmmədov, Nazim Hikmət,  Abdulla Şaiq,  Fikrət Əmirov,  Nəsrəddin Tusi,  Xurşudbanu Natəvan,  Dədə Qorqud,  Bülbül,  Mirzə Ələkbər Sabir, Əliağa Vahid  küçələrində,  o cümlədən Məmmədəli Əmirov,  Üzeyie Hacıbəyov, Mirzə Fətəli Axundov, İmaməddin Nəsimi, Molla Vəli Vidadi,  Məmməd Əmin Rəsulzadə və İsmayıl Dağıstanlı  küçələrindəki döngələrdə asfalt-beton örtüyün salınması üçün yol və səkilərin qum-çınqıl əsası düzəldilmişdir.

       Hesabat dövründə uzunluğu 12.5 kilometr olan Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış, işlər hazırda davam etdirilir.

      Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması məqsədilə Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına ötən il Qaxbaş kəndi ərazisindəki avtomobil yollarının 1.1 km-lik hissəsinə asfalt-beton örtüyü salınmışdır.

       Hesabat ilində Əmircan və Fıstıqlı kənd ümumorta məktəblərinin  köhnə korpusları, Ağçay kənd ümumorta və Qaxingiloy kənd tam orta məktəblərinin dam örtükləri əsaslı təmir olunmuş, Qaşqaçay kənd tam orta, Fıstıqlı, İbaxlı   və Ağçay  kənd ümumorta məktəblərinin həyətlərində sanitar qovşaqları tikilmişdir.

       Qax şəhər 1 nömrəli tam orta məktəbinin elektrik-kommunikasiya xətlərində və Qaşqaçay kənd tam orta məktəbinin bəzi otaqlarında cari təmir işləri aparılmışdır. Qax şəhər 2 saylı tam orta məktəbində əsaslı təmir işləri aparılmışdır. Ötən il Qum kənd tam orta məktəbinin tikintisinə başlanılmış və cari ilin əvvəlinə məktəbin tikintisi başa çatdırılmışdır.

        Hesabat dövründə Qax Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmiri ilə bağlı son tamamlama işləri aparılmış, Heydər Əliyev Fondu tərəfindən Qaxingiloy kənd mədəniyyət evinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.        

         2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 4 ədəd fərdi yaşayış evinin tikintisi aparılmışdır.       

        Ötən il rayonun təhsil sektorunda təhsilin inkişaf etdirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Hesabat dövründə rayonda 53 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar  və 36 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. Rayonun ümumtəhsil məktəblərində 7516 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1256 nəfər müəllim məşğul olmuşdur. Məktəbdənkənar tərbiyə müəssisələrinə 1243 uşaq cəlb edilmiş, məktəbəqədər tərbiyə müəssisələrində isə 1381 nəfər bağçayaşlı uşaq tərbiyə almışdır. Rayon üzrə uzun müdət təhsildən kənarda qalan 9 şagird fərdi təhsilə, sağlamlıq imkanları məhdud olan olan uşaqlardan 26 nəfəri evdə təhsilə, 1 nəfəri isə məktəbin nəzdində xüsusi sinfə cəlb edilmişdir.

          Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına, Elm və Təhsil Nazirliyinin müvafiq hüquqi-normativ sənədlərinə uyğun olaraq 2022-2023-cü dərs ilində 28 məktəbdə 32 məktəbəhazırlıq qrupu təşkil edilmişdir ki, həmin qruplara da 396 nəfər uşaq cəlb edilmişdir. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə rayonun 7 kəndində - Baydarlı, Qarabaldır, Fıstıqlı, Lələpaşa, Lələli, Şıxlar, Uzuntala kəndlərində 3-4 yaşlı uşaqlar üçün icmaəsaslı məktəbəqədər hazırlıq qrupları təşkil edilmiş və həmin qruplara 120 nəfər uşaq qəbul edilmişdir.

        2022-ci il ilin mart və aprel aylarında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarında Azərbaycan, gürcü və rus bölməsi üzrə 592 nəfər IX sinif, 415 nəfər isə XI sinif şagirdi iştirak etmişdir. İlkin nəticələrə görə IX siniflərdə ana dili fənnindən rayon göstəricisi 46.9, riyaziyyat fənnindən 31.9, xarici dil fənnindən 26.8, hər üç fənn üzrə 105.6 bal olmuşdur. XI siniflərdə isə ana dili fənnindən rayon göstəricisi 47.07, riyaziyyat fənnindən 27.24, xarici dil fənnindən 34.82, hər üç fənn üzrə 109.13 bal olmuşdur.

          Həmçinin şəhər 5 saylı tam orta məktəbin XI sinfini bitirmiş 2,  şəhər 1 nömrəli məktəbin IX sinfini bitirmiş 1, şəhər 2 saylı məktəb-liseyinin IX sinfini bitirmiş 7 və  şəhər 4 saylı tam orta məktəbin IX sinfini bitirmiş 2 nəfərə  ümumi orta təhsil haqqında fərqlənmə attestatı verilmişdir.

         2022-ci ildə təhsilin inkişafında xidmətlərinə görə rayonun şəhər 2 saylı məktəb-liseyin informatika müəllimi Aşurova Adilə Nəzir qızı  Azərbaycan Respublikası Prezidentinin 04.10.2022-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür

        2022-ci ildə rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 355 nəfər məzundan 286 (72.1%) nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş,  176 nəfər ali məktəblərə qəbul olunmuşdur. Rayon üzrə 23 nəfər 500-700 arası, o cümlədən 4 nəfər məzun 600-dən çox bal toplamışdır. Bu il məzunların topladığı orta bal 270.2-ə bərabərdir.

         2022-ci ildə 34 facebook səhifəsində, yerli mətbuatda və digər sosial şəbəkələrdə 92 təbliğat tezisi işıqlandırılaraq əhaliyə dolğun şəkildə çatdırılmışdır. Böyük izləyici kütləsinə malik sosial şəbəkələr və qrupların paylaşdığı milli-mənəvi dəyərlərimiz, ədəbiyyatımız, tariximiz, mətbəximiz, təbiətimiz, etnik tərkibimiz haqqındakı paylaşımlar 30 mindən çox istifadəçiyə məlumatların çatdırılmasında böyük rol oynayır. Rayonda fəaliyyət göstərən sosial şəbəkələrdə paylaşılan məlumatlar 5000-dən çox istifadəçi tərəfindən bəyənilmiş, 300-dən yuxarı istifadəçi tərəfindən paylaşılmışdır.

        Hesabat dövründə Qax Elektrik Şəbəkəsi tərəfindən 57 ədəd transformator mərkəzi cari, 8 ədəd transformator  mərkəzi  isə əsaslı təmir olunmuş, 21 ədəd ayrıcı, 44 ədəd izolyator və 28 ədəd mufta quraşdırılmış, 130 ədəd 0.4 kV-luq dayaq əvəzlənmiş, 42 ədəd 0.4 kV-luq və 56 ədəd 10 kV-luq metal boru basdırılmış və 6034 m uzunluğunda SİP kabeli çəkilmişdir. Elektrik xətlərinin mühafizə zonasının 87.2 km hissəsi təmizlənmiş, 314 ədəd yeni sayğac quraşdırılmış, 1549 ədəd sayğac yenisi ilə əvəzlənmişdir. Güllük kəndində 10 və 0.4 kV-luq şəbəkənin yenidənqurulması işləri davam etdirilərək 93 metr uzunluğunda SİP kabeli çəkilmiş, 10 ədəd sayğac küçə xəttinə çıxarılmışdır.

           Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax sahəsi tərəfindən il ərzində qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilərək 93 ədəd sayğac küçə xəttinə çıxarılmış, 2318 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmiş, 97 ədəd smartkart tipli sayğac, 11 ədəd siyirtmə və 4 ədəd qaz tənzimləyicisi quraşdırılmışdır. 2022-ci il ərzində 245 mənzil qazlaşdırılmış və rayon üzrə  abonentlərin sayı 10703-ə çatmışdır.       

      6 №-li Regional Sukanal İdarəsinin Qax Sukanal sahəsi tərəfindən hesabat ilində 6724 abonent olmaqla, 15614  nəfər içməli su ilə təmin olunmuşdur. 2022-ci ildə sahə tərəfindən 13 büdcə, 22 respublika, 280 kommersiya və 37 sənaye təşkilatı ilə müqavilə bağlanmış və xidmət göstərmək üçün sahə tərəfindən 8 nəfər nəzarətçi ayrılmışdır.

       İl ərzində sahə tərəfindən əhaliyə 567.4 min manat, qeyri-əhali abonentlərinə 96.1 min manat dəyərində xidmət göstərilmişdir. Göstərilmiş xidmətlərə görə yığım müvafiq olaraq əhali üzrə 568.3 min manat olmaqla 100 faiz, qeyri-əhali abonentləri üzrə isə 96.1 min manat olmaqla 104.2 faiz olmuşdur.

        Əhaliyə içməli suyun verilməsi üçün sahə tərəfindən su sayğaclarının quraşdırılması işi davam etdirilərək il ərzində 126 su sayğacı quraşdırılmş və rayon üzrə quraşdırılmış su sayğaclarının ümumi sayı 6325-ə çatdırılmışdır.

        İl ərzində Qax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmişdir.

         “Aztelekom” MMC-nin Qax Şöbəsi tərəfindən hesabat dövründə rayon ərazisində 1800 m uzunluğunda müxtəlif markalı kabellərdə, 5300 m abunəçi xətlərində cari təmir işləri aparılmışdır. Müddət ərzində 11 ədəd internet avadanlığı istifadəyə verilmiş, 112 ədəd telefon çəkilişi aparılmış, 93 abunəçi qutusu təmir olunmuş, 89 ədəd ağac dirək yenisi ilə əvəzlənmiş, 40 ədəd ağac dirəyə beton calaq verilmiş və 21 ədəd dəmir dirək yenisi ilə əvəz edilmişdir. Qazmalar kəndində yeni EATS quraşdırılmışdır. Qax şəhəri ərazisində GPON layihəsi çərçivəsində 380 ədəd dəmir dirək basdırılmış, 20.2 km uzunluğunda fiber optik kabel çəkilmişdir.          

        2022-ci ildə Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən məişət tullantılarının daşınmasına dair bağlanmış müqavilələr əsasında 1984 təsərrüfat subyektinə,  kommunal evlərdə yaşayan 697 abonentə, 390 sahibkara, 25 idarə, müəssisə və təşkilata müvafiq  xidmətlərin göstərilməsi təmin edilmişdir. Şəhər ərazisində abonentlərə xidmət üçün 3 qutu, 15 xüsusi yer və 202 konteyner ayrılmışdır.

      Kommunal Müəssisələri Kombinatı tərəfindən il ərzində 20 min ədəddən çox müxtəlif gül və gül kolları, həmçinin 1000 ədəddən çox müxtəlif ağaclar əkilmişdir.

      2022-ci ildə Kombinat tərəfindən 18.8 min m3 həcmində bərk məişət tullantılarının poliqonda zərərsizləşdirilməsi, eləcə də  şəhərin 88 küçə və prospektini, 15 park və bağını əhatə edən 3116 ədəd nöqtənin işıqlandırılması təmin olunmuşdur.

       Təsdiq olunmuş qrafikə uyğun olaraq 2022-ci ildə rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayonun 43 yaşayış məntəqəsində səyyar qəbul keçirilmişdir. Səyyar qəbullarda iştirak etmiş 1746 vətəndaşdan 185 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərlə bağlı aidiyyəti xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilməklə icrası nəzarətə saxlanılmışdır.

       Ötən il rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezident Administrasiyasından və Nazirlər Kabinetindən 76 sərəncam və qərar, respublikanın mərkəzi icra hakimiyyəti orqanları və digər idarə və müəssisələrindən, rayon təşkilatlarından ümumilikdə 943 xidməti sənəd daxil olmuşdur. Daxil olmuş sənədlər müvafiq təlimat və göstərişlərə uyğun olaraq işlənərək rayon İcra Hakimiyyəti başçısı Aparatının və əlaqədar təşkilatların məsul işçiləri tərəfindən baxılmışdır.

       2022-ci ildə rayon İcra Hakimiyyəti başçısı Aparatına Prezident Adminstrasiyasından 113, Milli Məclisdən 10, Nazirlər Kabinetindən 7, digər Respublika təşkilatlarından 19 və vətəndaşlardan 492 olmaqla, cəmi 641 müraciət daxil olmuşdur. Vətəndaş müraciətlərinin baxılmasının nəticəsi olaraq hamısına müvafiq cavab məktublarının göndərilməsi təmin olunmuşdur.      

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər